“Ferrari” yeni mövsüm SF21 bolidi ilə mübarizə aparacaq.
Artıq komanda yeni maşını ictimaiyyətə təqdim edib. Bolidini bütün rəqiblərindən sonra ictimaiyyətlə bölüşən komanda yeni sürprizlərlə də diqqət çəkib. İtalyanlar SF21 modelinə yeni güc aqreqatı quraşdırıblar. Bolidin rəngində də dəyişiklik var. “Ferrari” bu dəfə tünd qırmızı rənglərə üstünlük verib. Yarış avtomobilinin üst hissəsində isə yaşıl rəng göz oxşayır. Bolidin önündə ciddi dəyişikliklər nəzərə çarpmasa da, aerodinamikada müəyyən fərqliliklər var.
Xatırladaq ki, yeni mövsümdən “Ferrari”də Şarl Leklerlə birlikdə Karlos Sayns yarışacaq. Sayns İtaliya klubunun heyətində 4 qat dünya çempionu Sebastyan Fetteli əvəzləyib. “Ferrari” ötən mövsüm Mühəndislər Kubokunda 6-cı pilləni tutaraq son illərin ən pis nəticəsini göstərmişdi. Qeyd edək ki, Formula 1-də yeni mövsüm martın sonuncu həftəsi Bəhreyndə start götürəcək. “Ferrari” pilotları cümə günü yeni yarış avtomobilini testdən keçirəcəklər.